DÜNYA
Çində zəlzələ nəticəsində ölənlərin sayı 65-ə yüksəlib VİDEO
Pekin, 6 sentyabr, AZƏRTAC
Çinin Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 65-ə yüksəlib.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında baş verən təbii fəlakət nəticəsində 170 nəfər bədən xəsarəti alıb, 12 nəfər itkin düşmüş hesab olunur. Onların axtarışlarına xeyli sayda canlı qüvvə, o cümlədən yüzlərlə xilasedici, yanğınsöndürən, polis əməkdaşı, tibb işçisi cəlb edilib.
Qeyd edək ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında sentyabrın 5-də yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 8:52) 6,8 bal gücündə zəlzələ olub, ardınca bir neçə afterşok qeydə alınıb. Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub. Yeraltı təkanların episentri olan Ludin rayonunda 5 kilometr radiusunda bir neçə kənd var.
Zəlzələ nəticəsində çox sayda tikiliyə ziyan dəyib. Bəzi yerlərlə torpaq sürüşməsi qeydə alınıb. Bu səbəbdən bəzi yollarda hərəkət dayandırılıb. Bundan başqa, kommunikasiya və elektrik xətlərinə, su kəmərlərinə ziyan dəyib.
Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət baş verən Qanzi Tibet muxtar prefekturasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Ətraf ərazilərdən bölgəyə texnika və xilasedicilər cəlb olunub. Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib. Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə 50 milyon yuan (təxminən 7,25 milyon ABŞ dolları) vəsait ayırıb. Vəsait axtarış-xilasetmə işlərinə, təbii fəlakətdən zərər görən sakinlərin təxliyəsinə və yerləşdirilməsinə, dağılmış tikililərin bərpasına yönəldiləcək. Təbii fəlakətə görə evlərini tərk edənlərin yerləşdirilməsi üçün 3 min çadır və 10 min çarpayı ayrılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin