REGİONLAR
Çinin Mienyen şəhərinin sakinləri adından dost Sumqayıta təşəkkür məktubu göndərilib
Sumqayıt, 17 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtlıların dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Mienyen şəhərinə göndərdiyi tibbi yardım ünvana çatıb. Mienyen şəhər rəhbərliyi yerli sakinlər adından dost Sumqayıta təşəkkür məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, tibbi ləvazimatların yeni növ koronavirus epidemiyasının qarşısının alınmasına və nəzarətdə saxlanılmasına kömək olacağına inamın ifadə edildiyi məktubda deyilir: “Qətiyyətlə inanırıq ki, Sumqayıtın köməyi və şəhər sakinlərinin birgə səyləri ilə epidemiyaya qarşı mübarizədə ümumi qələbə qazana biləcəyik.”
Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhər rəhbərlikləri Sumqayıt Şəhər İcra Hakimiyyətinə tibbi kömək göstərilməsi ilə bağlı müraciət ünvanlayıblar. Koronavirusla mübarizə məqsədilə Sumqayıtdan bu şəhərlərə böyük partiyada tibbi ləvazimatlar göndərilib.
Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Çində yeni növ koronavirus qurbanlarının sayı 1770 nəfərə çatıb, 10 mindən çox insan xəstəlikdən sağalıb. Virusa yoluxanların sayı isə 70,5 mindən çoxdur.