SİYASƏT
Çunçində keçirilən forumda Asiyada birgə əməkdaşlıq məsələləri müzakirə olunub
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 3-cü qeyri-hökumət forumunda AZƏRTAC-ın əməkdaşı da çıxış edib
Bakı, 19 dekabr, AZƏRTAC
Çinin Çunçin şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 3-cü qeyri-hökumət forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Çunçin şəhər hökumətinin, Çin Beynəlxalq Münasibətlər üzrə Xalq İnstitutunun və Çin İctimai Diplomatiya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda 28 üzv və müşahidəçi ölkənin ictimai-siyasi xadimləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, o cümlədən Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, ekspert və tədqiqatçılar, elm adamları, aparıcı kütləvi informasiya vasitələri təmsilçiləri iştirak ediblər.
"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və qitə dövlətlərinin ortaq taleyi" devizi altında keçirilən üçüncü forum etnik, dini və siyasi baxımdan rəngarəng olan Asiya dövlətləri arasında bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulmasına, qlobal təhdid və çağırışlara qarşı birgə mübarizənin əhəmiyyətinə həsr olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəal iştirakçılarından biridir, eyni zamanda, bu təşkilata daxil olan dövlətlərin böyük hissəsi Qoşulmama Hərəkatının üzvləridir.
Ümumçin Xalq Siyasi Məşvərət Şurasının sədr müavini Sia Baolon, Çin Beynəlxlaq Münasibətlər üzrə Xalq İnstitutunun prezidenti Van Çao, Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti U Haylon açılış mərasimində çıxış edərək forumun Asiya dövlətlərini narahat edən məsələlərin birgə müzakirəsi üçün yeni və perspektivli platforma olduğunu bildiriblər.
Digər çıxış edənlər vurğulayıblar ki, hazırda bütövlükdə Asiya qitəsi dinamik inkişafdadır. Güclü Asiya təhdid deyil, o, qlobal problemlərin həllində dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya biləcək siyasi, iqtisadi və mədəni məkandır. İnkişafın daha da sürətlənməsi üçün vacib olan həlledici amil Asiya dövlətlərinin səylərinin birləşdirilməsi ilə həm daxili, həm də xarici problemlərin həllində qarşılıqlı fəaliyyətin göstərilməsidir.
Forumda müxtəlif aktual mövzularda panel iclasları da təşkil edilib. İclaslarda əməkdaşlıq yolları və təhdidlər ətrafında səmərələri müzakirələr aparılıb.
AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərov kütləvi informasiya vasitələrinin dəyirmi masasında çıxış edərək bildirib ki, hazırda Asiya, onun siyasi-iqtisadi vəziyyəti, mədəniyyəti haqqında Qərb ölkələrinin mətbuatında həqiqətə uyğun olmayan məlumatlar və qərəzli stereotiplər yayılmaqdadır. Azərbaycan Respublikası da dəfələrlə belə hallarla üzləşib. İnformasiya müharibəsində düzgün beynəlxalq ictimai rəyin formalaşmasını şərtləndirən amillərdən biri təbliğat işinin düzgün qurulmasıdır.
Ş.Cəfərov bundan başqa, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çevik və səmərəli informasiya mübadiləsinin həyata keçirilməsinin zəruriliyinə toxunub. Qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsü bütün sahələrdə, eləcə də KİV-lər arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. AZƏRTAC Çinin Sinxua agentliyinin "Bir kəmər, bir yol" ölkələri haqqında daha çevik informasiya mübadiləsinin təmin olunmasına dair təşəbbüsü olan İqtisadi Tərəfdaşlıq Platformasının təsisçilərindən biridir. Bu platforma vasitəsilə AZƏRTAC-ın ölkəmizin iqtisadi inkişafı, əlverişli biznes, investisiya mühiti və mövzu ilə bağlı digər xəbərləri platformada təmsil olunan KİV-lərə, Çinin müvafiq tədqiqat mərkəzlərinə, biznes assosiasiyalarına ünvanlanır.
Vurğulanıb ki, AZƏRTAC Çinin digər nüfuzlu KİV-ləri, o cümlədən "China Daily" və "Jenmin Jibao" qəzetləri ilə sıx əməkdaşlıq edir. AZƏRTAC 2016-2019-cu illərdə sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində də qitə ölkələri haqqında obyektiv məlumatların yayılması üçün sıx informasiya mübadiləsinin həyata keçirilməsinə töhfələr verir.
Forumun işində Azərbaycan Respublikasının digər nümayəndəsi - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov da iştirak edib. O, dövlətlərarası münasibətlərin və mədəniyyətlərarası dialoqun formalaşmasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin geosiyasi və regional əhəmiyyəti mövzusunda çıxış edib.
A.Qurbanov Azərbaycanın təşkilatın üzvləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində, dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasındakı rolundan, Azərbaycanın multikulturalizm təcrübəsindən danışıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstindən çıxış edərək ikitərəfli və çoxtərəfli əlaqələrə mane olan hərbi qarşıdurmalardan, etnik-dini separatizm fəaliyyətlərindən də bəhs edib, təkliflərini verib.
Forumun materialları kitab formasında nəşr olunaraq, tədqiqat mərkəzləri, ali təhsil ocaqları, diplomatik nümayəndəliklər və kütləvi informasiya vasitələri arasında yayılacaq.