CƏMİYYƏT
COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə dair onlayn müzakirələr keçirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi COVID-19 pandemiyası dövründə məktəblərdə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin təşkilinə həsr olunmuş onlayn müzakirələr keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ÜST-nin Avropa bölgəsindəki ölkələrin səhiyyə nazirləri və nazirliklərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilmiş görüş zamanı tədbirin əsas mövzusu ətrafında təcrübə mübadiləsi aparılıb, fikir və düşüncələr bölüşülüb və müxtəlif məsələlər müzakirə olunub. İtaliyanın Səhiyyə naziri Roberto Sperenzanın təşəbbüsü ilə həyata keçirilən onlayn görüş zamanı bir neçə iştirakçı ölkələrin nümayəndələri bu məsələyə aid öz təcrübələrini bölüşüblər. BMT-nin Uşaq Fondunun (UNICEF), BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı (UNESCO), ÜST-nin baş qərargahının və ÜST-nin əməkdaşlıq mərkəzlərinin ekspertləri də öz biliklərini bölüşüb və müzakirələrin koordinatorları kimi çıxış edib.
Ölkəmizi təmsil edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə öz çıxışı zamanı onlayn görüş çərçivəsində aparılan müzakirə nəticələrinin ÜST-nin Avropa üzrə regional ofisi tərəfindən hazırlanan hesabatda öz əksini tapacağını bildirib. Bu hesabat COVID-19 pandemiyası dövründə təhlükəsiz və effektiv təhsil-tədris prosesinin planlaşdırılması və təşkili kontekstində milli təhsil və səhiyyə qurumları üçün istinad sənədi və praktik məsləhət mənbəyi vasitəsi olacaq.
Beləliklə, yaxın günlərdə Səhiyyə və Təhsil nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidemioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müəyyən edilib, ictimaiyyətə açıqlanacaq. Həmçinin bütün təhsil işçiləri, valideynlər və məktəbliləri narahat edən ən aktual suallar cavablandırılacaq:
• Uşaqların COVID-19-dan qorunmasına dair hansı tədbirlər nəzərdə tutulub?
• Qripdən məcburi surətdə peyvənd keçiriləcəkmi?
• Məktəblərdə zənglər və tənəffüs vaxtları necə tənzimlənəcək?
• Məktəblərdə yeməkxana, tibbi kabinet və soyunub-geyinmə otaqlarının fəaliyyəti necə qurulacaq?
• Fiziki tərbiyə dərslərinin təşkili necə həyata keçiriləcək?
• Günüuzadılmış qrupların fəaliyyəti necə qurulacaq?
• Məktəb dərnəkləri və seksiyaların fəaliyyəti necə təşkil olunacaq?
• Valideyn iclasları necə keçiriləcək?
• Fərdi gigiyena vasitələrindən istifadə təşkil olunacaqmı?
• Məktəblinin COVID-19 virusuna yoluxması halında hansı tədbirlər görüləcək?
• Sinif və ya məktəbin bağlanması hansı hallarda tətbiq ediləcək?
• Müəllimlər COVID-19 testindən keçiriləcəkmi?
Pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün çox vacib və əhəmiyyətlidir. Lakin eyni zamanda, müvafiq tədbirlər barədə qərarların dərhal verilməsi və həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Hazırda bir sıra ölkə qarşısında koronavirusun məktəblilər arasında geniş yayılmamasının qarşısını almaqla yanaşı, təhsil-tədris prosesində təhlükəsiz, səmərəli və effektiv məktəb mühitinin yaradılma məqsədi qoyulub.
Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə qeyd edib ki, COVID-19 pandemiyası şəraitində təhsil və səhiyyə sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli, yeni prosedurların hazırlanmasına ciddi önəm verməlidir.