REGİONLAR
COVID-19 pandemiyası ilə mübarizədə dövlətimiz lazım olan bütün tədbirləri layiqincə yerinə yetirir
Ağcabədi, 9 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlətimiz tərəfindən COVID-19 pandemiyasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün lazımi tədbirlər görülür. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da bu xəstəliyə yoluxma halları davam etməkdədir. Odur ki, bu ümumi bəladan xilas olmaq üçün vətəndaşlar da məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və tələblərə, müvafiq metodiki göstərişlərə əməl etməlidirlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev deyib.
X.Musayev bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə dövlətimiz lazım olan bütün tədbirləri layiqincə yerinə yetirir. "Yeni növ koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi addımlar atılır. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanaların ayrılması, “Yeni klinika" və modul tipli xəstəxanaların istifadəyə verilməsi, Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssisin Azərbaycana gəlməsi, ölkəmizdə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonların istehsal edilməsi və sair kimi tədbirlər vətəndaşların sağlamlığının, həyatının qorunmasına yönəlib".
Xaliq Musayev koronavirusla mübarizənin daha səmərəli aparılmasında hər bir vətəndaşın məsuliyyətli olmasının önəmini vurğulayaraq deyib: "Ölkəmizdə xəstəliyin geniş yayılmasının qarşısının alınması üçün karantin rejimi tətbiq edilib. Əhaliyə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, gigiyenik qaydalara düzgün riayət olunması, kütləvi toplaşmamağın vacibliyi ilə bağlı çağırışlar edilir. Lakin təəssüflər olsun ki, bəzi vətəndaşlar qaydalara əməl etmir, bununla da həm özlərini, həm də ailələrini, bütövlükdə cəmiyyəti təhlükə altına alırlar. Hazırkı şəraitdə xüsusilə evlərdə gizlin yas mərasimlərinin, yığıncaqların keçirilməsi insanların kütləvi yoluxmasına, xəstəliyin geniş yayılmasına səbəb olur. Odur ki, ümumi bəladan birdəfəlik xilas olmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qayda və tövsiyələrə ciddi əməl etməli, sosial məsafənin saxlanılması, maskalardan və dezinfeksiya vasitələrindən istifadə edilməsinə ciddi yanaşmalıyıq".