ELM VƏ TƏHSİL
COZEF STİQLİTSƏ İQTİSAD UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
Dövlət Departamentinin dünya şöhrətli ekspertlərin təcrübəsinin yayılması üzrə “Spiker” proqramı çərçivəsində ABŞ-ın Bakıdakı səfirliyinin təşkil etdiyi görüşdə “Qloballaşma və inkişaf prossesləri; iqtisadi dəyişikliklərdə hökumətin rolu” mövzusunda bir sıra məsələlər müzakirə olunmuşdur.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əli Abbasov çıxışında Cozef Stiqlitsin ölkəmizə səfərini təşkil etdiyinə görə ABŞ səfirliyinə minnətdarlığını bildirmiş, Kolumbiya Universiteti professorunun dünyada iqtisad elmlərinin inkişafına əvəzsiz töhfəsini nəzərə çarpdırmışdır. Rektor demişdir: “Biz iqtisadiyyat sahəsində dünya təcrübəsi ilə tanış olmaq imkanı əldə etdiyimizə şadıq”.
Sonra Nobel mükafatı laureatı Cozef Stiqlitsə universitetin fəxri doktoru adı verilmişdir.
Ona göstərilmiş şərəfə görə ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirən professor C.Stiqlits görüşdə məruzə ilə çıxış etmişdir. O, dövlətin iqtisadi inkişafında dövlət sektorunun rolunu yüksək qiymətləndirmişdir. Alimin sözlərinə görə, dövlət cəmiyyətdə iqtisadi münasibətləri nəinki fəal surətdə, həm də səmərəli şəkildə nizama salmalıdır. Bu isə, nəticə etibarilə, cəmiyyətin firavanlıq səviyyəsini yüksəldir. İqtisadi rifahın yüksəlməsi isə yalnız, bütövlükdə, gəlirlərin düzgün bölüşdürülməsi şəraitində, habelə dövlət proqramları və layihələrinin həyata keçirilməsi şərtilə mümkündür”.
Axırda professor Cozef Stiqlits görüş iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.