CƏMİYYƏT
Cari ilin ilk rübündə əlillər 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin ediliblər
Bakı, 3 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi bu ilin yanvar-mart aylarında əlilliyi olanlara 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan şəxslərin müraciətləri əsasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ambulator və müvafiq hallarda stasionar şəraitdə protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatlardan 300 ədədə yaxını əlil arabası olmaqla müvafiq tibbi göstərişi olan sağlamlıq imkanları məhdud olanlara edilib. Həmçinin həmin təbəqədən olan şəxslər 326 ədəd aşağı və yuxarı ətraf ortezi, 266 ədəd aşağı və yuxarı ətraf, döş protezi, 96 ədəd bel və boyun nahiyəsi üçün korset, 1729 ədəd müxtəlif reabilitasiya vasitəsi, 360 cüt dirsəkaltı ağac, 277 ədəd dördayaqlı dayaq vasitəsi, 207 cüt qoltuqaltı ağac, 635 ədəd əsa, 846 cüt ortopedik ayaqqabı, 141 cüt protez ayaqqabı və s. ilə təmin ediliblər. Əlilliyi olanlardan 152 nəfərinə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Ümumilikdə, cari ilin yanvar-mart aylarında həmin müəssisələr 2672 nəfər əlili müvafiq xidmətlərlə təmin olunub ki, onların 376 nəfərini ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda əlil olanlar təşkil edib.
Eyni zamanda, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların və elmi nailiyyətlərin tətbiqi, qabaqcıl dünya təcrübəsi əsasında yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin istehsalı sisteminin formalaşdırılması işləri də aparılır.