İQTİSADİYYAT


“Caspian Energy Club” və “YAŞAT” Fondu növbəti “Online B2G Forum” təşkil edib

“Caspian Energy Club” və “YAŞAT” Fondu növbəti “Online B2G Forum” təşkil edib

Bakı, 8 aprel, AZƏRTAC

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi veteranı Elvin Hüseynov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində “YAŞAT” Fondunun fəaliyyəti, “Caspian Energy Club” üzvlərinin aktual sual və təklifləri müzakirə olunub.

Bu barədə AZƏRTAC-a "Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra E.Hüseynov “YAŞAT” Fondunun yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.

T.Əliyev şirkətləri “YAŞAT” Fonduna maksimal dərəcədə dəstək olmağa çağırıb. O bildirib ki, şirkətlər fonda ianə etməklə yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarına mənəvi dəstəklərini də göstərməlidirlər.

E.Hüseynov daha sonra isə “Online B2G Forum” iştirakçılarının suallarını cavablandırıb. T.Əliyev təklif edib ki, “YAŞAT” Fondu və “Caspian Energy Club” arasında ikitərəfli birgə işçi qrupu yaradılsın. İşçi qrup çərçivəsində “Caspian Energy Club”un hər üzvü öz fəaliyyət çərçivəsindən asılı olaraq şəhid və Qarabağ müharibəsi veteranlarının ailələrinə mənzil və evlərinin təmirində, qida, geyim və tibbi ləvazimat təminatında dəstək olacaq.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan klubun əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.