ELM VƏ TƏHSİL


“Caspian European Club”un təhsil üzrə komitəsinin iclası keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Bakıda “Caspian European Club”un heyətinə daxil olan təhsil üzrə komitənin qapalı iclası təşkil olunub.

Klubdan AZƏRTAC-a bildirilib ki, təhsil üzrə komitənin rəhbəri Səbinə Əliyevanın sədrliyi ilə keçirilən iclasda “Caspian European Club”un idarə heyətinin üzvləri, həmçinin klubun üzv şirkətlərinin rəhbər və nümayəndələri işçi seçiminə mənfi təsir göstərən təhsil sektorundakı mövcud problemləri müzakirə ediblər. Toplantıda məktəbəqədər yaşlı uşaqlar üçün universal hazırlıq sisteminin və uşaqların dövlət bağçalarına elektron qəbul sisteminin yaradılması, məktəblərdə “A”, “B”, “C” sinif bölgüsünün ləğvi, mütəxəssislərin biznes tələblərinə uyğunlaşdırılması məqsədilə orta məktəblərdə ixtisaslaşdırılmış qruplar yaratmaq yolu ilə sahibkarlar arasında tədqiqat aparılması, orta məktəbə qəbul üçün başqa test sisteminin hazırlanması, həmçinin ali təhsil müəssisələrində təhsil üçün vauçer sisteminin tətbiqi təklif olunub.

Səsləndirilmiş təkliflər “Caspian European Club”un hüquq komitəsi tərəfindən öyrəniləcək, daha sonra müvafiq dövlət qurumlarına göndəriləcək.

“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. Təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

İki il ərzində “Caspian European Club Caspian American Club” (24 dekabr 2016-cı ildə yaradılıb) və “Caspian Asian Club”u (26 yanvar 2018-ci ildə yaradılıb) idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.