REGİONLAR
Cəbrayıl sakinləri Novruz bayramını qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər
Cəbrayıl, 20 mart, Aydın Yavərzadə, AZƏRTAC
Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Novruz şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Cəbrayıl sakinlərinin Biləsuvar rayonu ərazisində məskunlaşdığı şəhərcikdəki 4 saylı qəsəbə ərazisində ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Bayram tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibətilə tədbir iştirakçılarını və rayon əhalisini təbrik edib, hər bir ailəyə ruzi- bərəkət, bol sevinc arzulayıb.
Bayram tədbirində Novruzun rəmzləri olan kosa və keçəlin, Dədə Qorqud və Bahar qızının maraqlı çıxışları olub, xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalar, folklor kollektivlərinin nümunəvi çıxışları nümayiş etdirilib.