REGİONLAR
Cəlilabadlı məzunlardan 511 nəfəri ali məktəblərə qəbul olub
Cəlilabad, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda ali məktəblərə qəbul olunan məzunların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 1511 şagirddən 1122 nəfəri ali məktəblərə sənəd verib və onların 511 nəfəri tələbə adını qazanıb. Məzunlardan 23 nəfəri 600-dən, 80 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Cəlilabad rayonunun təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun təhsil işçilərini qarşıdan gələn yeni dərs ili və “Bilik günü” münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Qeyd olunub ki, ötən tədris ilində IX-XI siniflər üzrə fənn olimpiadalarının rayon mərhələsində 482 şagirddən 47 nəfəri zona mərhələsində, 3 nəfəri respublika mərhələsində, 1 nəfəri isə Portuqaliyada keçiriləcək beynəlxalq olimpiadada iştirak etmək hüququ qazanıb.
Konfransda rayon təhsil şöbəsinin müdir əvəzi Hafis Cavadovun “2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ətrafında müzakirələrdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Ağdaş kənd tam orta məktəbinin direktoru Rəşad Rufullayev, şəhər 8 nömrəli məktəb-liseyin müəllimi Səadət Quliyeva, şəhər 1 nömrəli məktəb-liseyin müəllimi Rafət Məmmədov, gənc müəllim Tərlan Ağazadə, 614 balla ali məktəbə daxil olmuş Kamil Əliyev çıxış edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Tədbirdə rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələrə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr verilib.
Sonda konfransın qətnamə layihəsi və tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.