CƏMİYYƏT
Cəmiyyətin autizmli uşaqlara münasibəti dəyişməlidir VİDEO
Bakı, 2 aprel, Xanım Nağıyeva, AZƏRTAC
Cəmiyyətin autizmli uşaqlara münasibəti dəyişməli və sağlamlaşmalı, onların sosial həyata inteqrasiyası üçün lazımi tədbirlər görülməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər "Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi" İctimai Birliyində 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
İctimai Birliyin sədri Çiçək Məmmədli çıxış edərək bildirib ki, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də autizmli uşaqların sayı çoxdur. Mərkəzdə qeydiyyatında min nəfərdən çox uşaq var. Onun verdiyi məlumata görə, İctimai Birliyin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi və maliyyə dəstəyi ilə həyata keçirməyə başladığı "Sağlamlıq imkanları məhdud (autizm) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi" layihəsi bu ilin sonunadək davam edəcək. Layihənin prioritet məqsədlərindən biri autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva problemin həllinə diqqətin yönəldilməsinin vacibliyindən danışıb: "Hər kəs cəmiyyətdə autizmli uşaq və onun valideyni ilə etik davranış qaydalarına əməl etməli, aparılan maarifləndirmə tədbirləri gücləndirilməlidir. Cəmiyyətin həmin məsələyə münasibəti baxışımızı dəyişilməlidir. Hər kəs özünü autizmli uşaq yetişdirən valideynin yerinə qoymağı bacarmalı, onların hansı çətinliklərə qatlandığının fərqinə varmalıdır".
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, psixoloq Elnur Rüstəmov və başqaları autizm sindromu və ondan əziyyət çəkənlərə qayğı və diqqətlə yanaşmaq barədə danışıblar.
Qeyd edək ki, Dünya Autizm Məlumatlandırma Günü münasibətilə hər il "Light it up Blue" (Mavi işıqla işıqlandır) aksiyası da keçirilir. İlk dəfə 2010-cu ildə ABŞ-da start götürən, hazırda isə150-dən artıq ölkənin qatıldığı bu aksiyaya Bakı da qoşulub. Həmin gün şəhərimizin bir sıra möhtəşəm tikililəri mavi rənglə işıqlandırılır.