CƏMİYYƏT
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının 50 illiyi qeyd olunub
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Ordusunun formalaşmasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra birinci və ikinci Qarabağ müharibəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın və digər idarə-müəssisələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək hərbi liseyin tarixi haqqında danışıb. Diqqətə çatdırılıb ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddətdə respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərib, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynayıb.
Qeyd olunub ki, Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alıblar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.
Çıxışdan sonra Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin “Mahnı və rəqs ansamblı”nın hərbi-vətənpərvərlik mövzusunda mahnıları dinlənilib.