DÜNYA
Cenevrədə ABŞ və Rusiya nümayəndələrinin görüşü başlayıb
Bakı, 10 yanvar, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri arasında “təhlükəsizlik zəmanəti” ilə bağlı görüş başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman özünün tviter səhifəsində yazıb. “Hazırda Cenevrədə strateji sabitlik məsələsi üzrə ikitərəfli dialoqun növbədənkənar sessiyası davam edir”, - deyə Şerman bildirib.
Onun sözlərinə görə, görüş zamanı ABŞ təmsilçiləri Rusiyanın narahatlığını dinləyəcək və öz narahatlıqlarını qarşı tərəfə çatdıracaq. “Lakin biz müttəfiqlərimizin və tərəfdaşlarımızın iştirakı olmadan Avropanın təhlükəsizliyini müzakirə etməyəcəyimizi açıq şəkildə bildirdik”, – deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edərək onlardan Buxarest sammitinin qərarlarından imtina etmələrini və alyansın şərqə doğru genişlənməməsini tələb edib.
Bundan imtina ediləcəyi təqdirdə Kreml Qərbi “hərbi və hərbi-texniki xarakterli tədbirlərin” tətbiqi ilə hədələyib.