REGİONLAR
Cənub bölgəsinin seçiciləri bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər
Astara, 23 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 23-də ölkəmizdə keçirilən bələdiyyə seçkilərində cənub bölgəsinin seçiciləri fəallıq nümayiş etdirirlər. 77 saylı Astara Seçki Dairəsinin ərazisində yerləşən 1 nömrəli şəhər seçki məntəqəsində olarkən bunun bir daha şahidi olduq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8.00-da məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanov müşahidəçilərin iştirakı ilə səsvermənin başlandığını elan etdi.
Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq, ultra-bənövşəyi rəngli fənərlə seçicilərin sol baş barmağını yoxladıqdan sonra onları məntəqəyə buraxırdı.
Seçki məntəqəsində ilk səs verənlərdən biri, 74 yaşlı Astara şəhər sakini Qəhrəman Şəfiyevdən təəssüratlarını öyrəndik: “Bu gün həyat yoldaşımla birlikdə bələdiyyə seçkilərində Astara şəhəri üzrə qeydə alınmış 34 namizəddən layiq bildiyimiz insanlara səs verdik. Məntəqədə səsvermənin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradılıb”.
Digər şəhər sakini 58 yaşlı Rüfət Məmmədov da seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə təşkil olunduğunu deyib. O, yeni seçiləcək bələdiyyə üzvlərinin yerli əhəmiyyətli sosial məsələlərin həllində daha fəal iştirak etməyə səsləyib.
Məntəqə seçki komissiyasının sədri Hacıbala Ramazanovun verdiyi məlumata görə, məntəqədə 1500 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 6 nəfəri ilk dəfə səs verənlərdir.
77 saylı Astara Dairə Seçki Komissiyasının sədri Hikmət Əkbərovun verdiyi məlumata əsasən, bələdiyyə seçkilərində dairə üzrə 39 min 825 nəfər seçici 44 seçki məntəqəsində 238 bələdiyyə üzvlüyünə namizədə səs verəcək. Dairə Seçki Komissiyasında 481 nəfər yerli müşahidəçi qeydə alınıb.
76 saylı Lənkəran-Astara Seçki Dairəsinin sədri Məzahir Əliyevin verdiyi məlumata görə, dairə üzrə 38 min 436 nəfərin adı seçici siyahısına daxil edilib.
Cənub bölgəsində fəaliyyət göstərən digər seçki dairələrində - 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 78 saylı Lerik Seçki Dairəsində də seçicilərin fəallığı müşahidə olunur.