DÜNYA
Cənubi Koreya və KXDR sərhədində 20 mühafizə postu sökülüb
Bakı, 30 noyabr, AZƏRTAC
Koreya Respublikası və KXDR noyabrın 30-da iki ölkənin sərhədində 20 gücləndirilmiş mühafizə postunun sökülməsi prosesini başa çatdırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaxın zamanlarda tərəflər sökülən blok-postların təftişini həyata keçirəcək. Həmçinin demilitarizasiya zonasının bəzi rayonlarında minalardan təmizlənmə prosesi də sürətlə davam edir.
Gərginliyin azaldılması və təsadüfi toqquşmaların qarşısının alınması məqsədilə Phanmuncom məntəqəsi rayonunda tərəflərin hər birinin 10 blokpostu sökməsi barədə Seul və Pxenyan arasında bir müddət bundan öncə razılıq əldə olunmuşdu. Çhorvona rayonunda neytral zolağın minalardan təmizlənməsi işləri isə cari ilin oktyabr ayında başlayıb.
Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında hər iki ölkənin müdafiə nazirləri koreyalararası sərhəddə hərbi gərginliyin azaldılması və qarşılıqlı etibarın möhkəmlənməsi istiqamətində saziş imzalayıblar. Sazişdə birləşmiş təhlükəsizlik zonasında tərəflərin tam tərksilah olunması, sərhəd rayonunda hərbi texnika üçün qadağan olunmuş zonaların yaradılması, sərhədyanı rayonlarda isə iri hərbi manevrlərin və artilleriya təlimlərinin qadağan edilməsi nəzərdə tutulur. Tərəflər, həmçinin demilitarizasiya zonasında 1950-1953-cü illər Koreya müharibəsi zamanı həlak olmuş hərbçilərin cəsədlərinin qalıqlarının axtarışlarının birgə həyata keçirilməsini də planlaşdırırlar.