DÜNYA
Cənubi Koreyada “COVID-19-la birgə həyat”a start verilib
Pekin, 2 noyabr, AZƏRTAC
Cənubi Koreyada pandemiya səbəbindən tətbiq olunan qadağa və məhdudiyyətlər nisbətən yumşaldılaraq, “COVID-19-la birgə həyat”a start verilib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, “COVID-19-la birgə həyat” qadağa və məhdudiyyətlərin 3 mərhələdə aradan qaldırılaraq, həyatın normallaşması prosesini əhatə edir. Bu qərar infeksiyaya qarşı tam vaksin olunanların sayının ölkə əhalisinin təxminən 70 faizini ötməsi fonunda qəbul edilib. Pandemiya səbəbindən tətbiq olunan qadağa və məhdudiyyətlərdən ən çox zərər görən kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən kafe və restoranlar noyabrın 1-dən etibarən normal iş rejiminə qayıdıblar, təhsil ocaqlarında isə yerində dərslər tam bərpa olunub. Bununla yanaşı, maska taxılması da daxil olmaqla, epidemiya əleyhinə bəzi qaydalar qüvvədə qalıb.
Bildirilir ki, gələn il yanvarın sonunadək qadağa və məhdudiyyətlərin çoxu aradan qaldırılacaq.
Qeyd edək ki, 52 milyon əhalisi olan Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi çərçivəsində indiyədək 38,66 milyon nəfərə hər 2 doza peyvənd vurulub. Bununla da, tam peyvənd olunanların sayı ölkə əhalisinin 75,3 faizinə çatıb. Bu hədd hökumətin normal həyata qayıtma prosesi üçün əvvəlcədən hədəflədiyi rəqəmdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin