ELM VƏ TƏHSİL
Cəzaçəkmə müəssisələrində mütaliə təbliğatının artırılması istiqamətində vacib addımlar atılır
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları tərəfindən Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində kitab hədiyyə aksiyası keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitabxananın fondlarında olan Azərbaycan, dünya klassiklərinin seçilmiş əsərləri və digər kitablar cəzaçəkmə müəssisəsinə hədiyyə edilib.
Görüşdə MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ölkəmizin gündən-günə daha da inkişaf etdiyini söyləyib, cəzaçəkmə müəssisələrində yaradılan şəraiti yüksək dəyərləndirib. O, kitabxananın fəaliyyətindən, müxtəlif hədiyyə aksiyalarından, tədbir və layihələrindən danışıb.
Çıxış edənlər kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlardan söz açıblar. Bildirilib ki, çətin həyat şəraiti ilə üzləşmiş insanların mənəvi rahatlıq tapmasında, onların gələcəyə inamla baxmasında mütaliənin böyük rolu var. Cəzaçəkmə müəssisələrində mütaliə təbliğatının artırılması istiqamətində vacib addımların atılması sevindirici haldır.
Tədbirdə oxuculara imzalı kitablar verilib.
Sonda məhkumlar arasında “Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda müsabiqə keçirilib, qaliblərə kitablar hədiyyə edilib.