SİYASƏT
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
İslamabad, 17 dekabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Channel 5” televiziya kanalının “Diplomatic Enclave” proqramının qonağı olub.
AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan-Pakistan əlaqələri haqqında aparıcının suallarına ətraflı cavab verib.
Diplomat Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgilərin keçirildiyi, ticarət dövriyyəsində artımın müşahidə olunduğunu və bu sahədə potensial və imkanların daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb. Səfir Azərbaycandan Pakistana ixrac edilə biləcək məhsullar barədə məlumat verib, ölkəmizdə 300-ə yaxın Pakistan şirkəti və iş adamının fəaliyyət göstərdiyini, Pakistandan ölkəmizə gələn turistlərin sayında dəfələrlə artımın olduğunu, hazırda iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması üzərində işlərin getdiyini söyləyib.
Ə.Əlizadə, həmçinin Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu dəhlizlərə Pakistanın da qoşulmasının mümkünlüyü, Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini, qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.
Aparıcının Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı sualına cavab olaraq, Əli Əlizadə bu sahənin ikitərəfli münasibətlərdə prioritet sahə olduğunu, hər iki ölkənin terrorçuluqdan, ekstremizmdən əziyyət çəkdiyini və bir-birinə daim dəstək göstərdiyini, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək burada etnik təmizləmə, dini, mədəni abidələri məhvetmə siyasəti həyata keçirdiyini, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymadığını diqqətə çatdırıb.
Səfir təhlükəsizlik sahəsində Pakistanda irəliləyişin müşahidə edildiyini, yeni hökumətin ölkədə iqtisadi, sosial, humanitar sahələrdə layihələr həyata keçirdiyini, bütün bunların ölkənin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib, Azərbaycanın daim qardaş Pakistanın yanında olduğunu vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad