CƏMİYYƏT


Cinayətkarlığa qarşı qətiyyətli tədbirlər davam etdirilir

Bakı, 23 yanvar, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm işlər görülüb, qanunçuluğa, nizam-intizama ciddi riayət edilib, əməliyyat şəraiti və kriminogen durum tam nəzarətdə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, ötən il rayon ərazisində 239 cinayət hadisəsi qeydə alınıb. Həyata keçirilmiş uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 225 cinayət hadisəsinin açılması təmin olunub. Baş vermiş cinayətlərin 25-i ağır və ya xüsusilə ağır cinayətlər olub, onların da üstünün açılması 88 faiz təşkil edib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. 2018-ci il ərzində 83 fakt aşkar edilib, onlardan 16-sı satış, 63-ü saxlama, 4-ü əkin olub. Həmçinin “Xaş-Xaş-2018” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində ümumilikdə 2 ton 237 kiloqram olmaqla 4288 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq yandırılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 nəfərdən ibarət 13 cinayətkar qrup ifşa edilib, keçmiş illərdən bağlı 10 cinayət hadisəsi açılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində mənzillərdən silsilə oğurluq edərək vətəndaşlara külli miqdarda ziyan vurmuş “Cəfəri” dini təriqətinə mənsub 3 nəfərlik qrup üzvləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən əhalidə qanunsuz saxlanılan döyüş sursatlarının yığılması istiqamətində keçirilmiş tədbirlər zamanı 1 ədəd 5.45 kalibrli “AKS-74 U” markalı avtomat silah, 1 ədəd sandıq və 16 ədəd 7.62 kalibrli avtomat patronlar da aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.