ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda su ehtiyatlarının müasir vəziyyəti barədə hesabat dinlənilib
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi-tədqiqat şöbələrinin 2021-ci il üzrə illik hesabatlarının müzakirəsi aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti hesabatı Qurunun hidrologiyası və su ehtiyatları şöbəsi təqdim edib. Şöbə müdiri professor Rza Mahmudov cari ildə aparılan tədqiqat işləri barədə məlumat verib. Qeyd edib ki, təsdiq olunmuş plana uyğun olaraq “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti, dağ çaylarının sülb axımının tədqiqi və hesablanma metodikasının işlənməsi” mövzusu üzrə iki iş - “Qarabağ ərazisinin və ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadə” və “Qarabağ ərazisində çayların sülb axımının yeni metodla tədqiqi” yerinə yetirilib. Hər iki mövzunun müvafiq mərhələlərinə uyğun olaraq ərazi çaylarının işğaldan əvvəlki mövcud hidroloji, hidroqrafik müşahidə məlumatları təhlil edilib, tədqiqatların məlumat bazası yaradılıb.