ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
Bakı, 26 iyun, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Türkmənistanın Təhsil Nazirliyi və Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Elm, texnika və innovativ texnologiyaların inkişafı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə İ.Zeynalov institut əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktoru Ülkər Mahmudova, böyük laborantlar Elvira Piriyeva və Vüsalə İbrahimova ilə həmmüəllif olduğu “Azərbaycanın radiasiya təhlükəsizliyinin qiymətləndirilməsində iqlim coğrafi qanunauyğunluqlar” mövzusunda məruzə edib. Alim çıxışında atmosferdə radionuklidlərin aşkarlanması üçün metod və vasitələrin qiymətləndirilməsindən danışıb.
Konfrans iştirakçıları məruzəni dəyərləndirərək, onun elmi mahiyyətini xüsusi qeyd ediblər.