ELM VƏ TƏHSİL
Coğrafiyaçı alimlər Muğan düzündə tədqiqat aparıblar
Bakı, 21 iyun, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbənin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalovanın rəhbərliyi, institutun doktorantı Lətafət Məhərrəmli və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun iştirakı ilə bu ilin may-iyun aylarında Muğan düzünün aqroekosistemlərinin tədqiqi məqsədilə əraziyə elmi ekspedisiya təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı Muğan düzündə geniş yayılmış müxtəlif tipli aqroekosistemlərin formalaşma xüsusiyyətləri, dinamikası, onların idarə olunması öyrənilib. Bu əsasda kartoqrafik modelləşdirmə və iri miqyaslı (1:25 000, 1:100 000) tematik xəritələr tərtib olunub.
Tərtib olunmuş xəritələrin və çöl tədqiqat materiallarının kameral təhlilindən məlum olub ki, son 50-70 il ərzində tədqiq olunan ərazidə yeraltı suların səviyyəsi əsas fon landşaftlarında 2-3 dəfə qalxıb və aqroekosistemlərin inkişafı üçün risk yaradan səviyyəyə çatıb. Problemlərin yaranmasında əsas səbəb bu dövrdə suvarma sularının düzgün idarə edilməməsi, müasir suvarma sistemlərinin tətbiq olunmamasıdır. Çöl materialları əsasında aqroekosistemlərin kartoqrafik modellərinin yaradılması gələcəkdə əsas ekoloji problemlərin həllinə kömək edəcəkdir.