MƏDƏNİYYƏT
”Cümhuriyyət-100” adlı konsert proqramı təqdim olunub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Cümhuriyyət-100” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müzeyin əməkdaşı Təranə Qurbanova bu şərəfli günün mahiyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olduğunu söyləyib. Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən T.Qurbanova müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Elə keşməkeşli bir zəmanədə Cümhuriyyətin yaranması tarixi bir hadisə idi.
Muzeyin şöbə müdiri Xanım Abdinova “Cümhuriyyət dövründə mədəni həyat” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixində öz demokratikliyi ilə seçildiyini, həmin dövrdə elmə, mədəniyyətə böyük əhəmiyyət verildiyini söyləyib. Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirən X.Abdinova vurğulayıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi qiymətdir.
Sonda Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbinin kollektivi Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ifa olunub.