ELM VƏ TƏHSİL
DAĞISTAN DÖVLƏT UNİVERSİTETİ FİLİALNIN MƏZUNLARINA DİPLOMLAR TƏQDİM EDİLMİŞDİR
Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Stanislav Çernyavski təntənəli yığıncağı açaraq, məzunları təbrik etdi, ölkələrimizin təhsil sahəsində əməkdaşlığının əhəmiyyətini vurğuladı.
DDU-nun Bakı filialının rektoru Abdulla İsayev Azərbaycanda 1996-cı ildə açılmış bu ali məktəbin fəaliyyətindən danışdı. O dedi ki, ötən dövr ərzində filial Dağıstan və Azərbaycan xalqları arasında münasibətlərin inkişafına müəyyən töhfə vermiş, onun məzunları respublikanın ictimai həyatında yaxından iştirak edir, qaçqınlara, şəhid ailələrinə, uşaq təşkilatlarına, gənc istedadlara, kənd məktəblərinə kömək göstərirlər.
Filialda 550 tələbə təhsil alır, 130 nəfər müəllim çalışır. Onların 18-i professor, 40-ı elmlər namizədidir. Ali məktəbdə elmi-tələbə cəmiyyəti, şən və hazırcavablar klubu fəaliyyət göstərir, “Yeddi gözəl” müsabiqəsi keçirilir. Müsabiqənin iştirakçıları paytaxtın ali məktəblərində keçirilən bu cür tədbirlərdə dəfələrlə qalib gəlmişlər. Rektor iftixarla bildirdi ki, Bakı filialında dünya, Avropa və respublika idman yarışlarının qalibləri və mükafatçıları olan tələbələr də oxuyurlar.
Bu il filialı 123 nəfər bitirmişdir.
Çıxış edən müəllimlər, tələbələr, valideynlər və Rusiya səfirliyinin əməkdaşları ölkədə təhsilin inkişafına diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdilər, tələbələrimizin Rusiya ali məktəblərində təhsil alması ənənələrindən danışdılar, Rusiya Federasiyası səfirliyinin, Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinin və Azərbaycan Təhsil Nazirliyinin onlara daim kömək göstərdiklərini vurğuladılar.
Dağıstan Dövlət Universiteti Bakı filialının məzunlarına diplomların təqdim olunması münasibətilə keçirilən təntənəli yığıncaqda Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəliyinin əməkdaşları, Azərbaycan Təhsil Nazirliyinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.