DÜNYA
DANİMARKA QƏZETLƏRİNDƏKİ KARİKATURALARI ALMANİYA QƏZETLƏRİ DƏ DƏRC ETMİŞDİR
“Velt”in birinci səhifəsində yerləşdirdiyi rəsmdə Məhəmməd Peyğəmbər bomba şəklində çalmada təsvir olunmuşdur. Karikaturaya şərhdə jurnalistlər guya demokratik cəmiyyətin ayrılmaz azadlığı kimi “kafirlik hüququ”nu qoruyurlar.
Danimarka qəzetinin baş redaktoru karikaturalara görə rəsmən üzr istəmişdir. Lakin onun alman həmkarları bu addımı dəstəkləmirlər. “Velt”in şərhində “Yullands-posten”in üzrxahlığı ilə əlaqədar “təəssüf” ifadə edilir.
Bu karikaturaları Fransanın “Frans-suar” qəzeti də vermişdir. Lakin qəzetin sahibi Raymon Laka buna görə qəzetin məsul redaktoru Jak Lefranı işdən çıxarmışdır. Nəşrin müvafiq bəyanatında deyilir ki, qəzet müsəlmanlardan və karikaturaların mətbuat səhifələrinə çıxarılmasından sarsıntı keçirənlərin hamısından üzr istəyir. “Frans-suar”ın sahibi ümid edir ki, Lefranın vəzifəsindən kənarlaşdırılması “hər bir insanın əqidələrinə və etiqadlarına çox böyük hörmət əlaməti” kimi qiymətləndiriləcəkdir.
Bi-Bi-Si Nyus telekanalının xəbərinə görə, Məhəmməd Peyğəmbərə həmin karikaturaları fevralın 1-də Niderland, İtaliya və İspaniyanın bir sıra qəzetləri də dərc etmişdir.
Məlum olduğu kimi, karikaturaların dərc edilməsi ilə əlaqədar Səudiyyə Ərəbistanı, Liviya və Suriya Danimarkadan öz səfirlərini geri çağırmışdır. Fevralın 1-də Danimarkanın xarici işlər naziri Afrika ölkələrinə səfərini təxirə salmalı olmuşdur. Bir sıra müsəlman ölkələrində Danimarka malları boykot edilir.