SİYASƏT


DEMOKRATİK DƏYƏRLƏRİN MÜDAFİƏSİNDƏ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN ROLU… BAKI KONFRANSINDA

İyulun 14-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 illiyinə həsr olunmuş «Demokratik dəyərlərin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu» mövzusunda konfrans öz işinə başlamışdır. Amerika Hüquqşünaslar Assosiasiyası (ABA - CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirilən konfransı giriş sözü ilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açaraq, ölkəmizdə yeni təsisat olan konstitusiya nəzarətindən və Azərbaycan Konstitusiya Məhkəməsinin dövlət hakimiyyəti sistemindəki mühüm rolundan danışdı. Qeyd olundu ki, keçən beş il ərzində Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına dəyərli töhfəsini vermişdir. Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təbrik məktubunu oxudu. Sonra o, konfrans iştirakçılarını məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə və hüquq elminin inkişafında xidmətlərinə görə Xanlar Hacıyevin «Şöhrət» ordeni ilə, konstitusiya hüququnun inkişafında xidmətlərinə görə bir sıra hakimin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanları ilə tanış etdi. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin hüquqi islahatlar layihəsinin rəhbəri Rolf Kniper, Rusiya Federasiyası, Qırğızıstan, Latviya, Litva konstitusiya məhkəmələrinin sədrləri Valeri Zorkin, Çolpon Bayekova, Ayvars Endzinş, Eqidiyus Kuris və başqaları azərbaycanlı həmkarlarını beş illik yubiley münasibətilə təbrik etdilər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev onların fəaliyyətini və xidmətlərini çox yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Sonra Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin beşilliyi: təşəkkülü və inkişafı», Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin «Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyəti sistemində», İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev «Ədalət mühakiməsinin həyata keçirilməsinə presedent hüququnun təsiri», Latviya Konstitusiya Məhkəməsinin sədri Ayvars Endzinş «Latviya Respublikasının əsas insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsi», Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri Çolpon Bayekova «Demokratik dəyərlərin müdafiəsində Qırğızıstan Respublikası Konstitusiya Məhkəməsinin rolu», Ukrayna Konstitusiya Məhkəməsinin sədr müavini Vladimir Şapoval «Ukraynada konstitusiya yurisdiksiyasının yaradılması problemləri» və Gürcüstan Konstitusiya Məhkəməsinin baş katibi Nikolay Şaşkin «Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik olan subyektlər» mövzularında məruzə etdilər. Məruzə ətrafında müzakirələrdən sonra konfransın birinci iş günü başa çatdı. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, ədliyyə naziri Fikrət Məmmədov, milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Südabə Həsənova, Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, Apellyasiya Məhkəməsinin sədri Gülzar Rzayeva, İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyev və başqa rəsmi şəxslər konfransda iştirak edirdilər. İyulun 15-də konfrans öz işini davam etdirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.