ELM VƏ TƏHSİL
DİA: Ulu Öndərin ağır günlərdə öz xalqının yanında olması insanların itmiş ümidlərini özünə qaytardı
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan akademiyanın birinci prorektoru, professor Əlikram Abdullayev müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndərin Azərbaycanı parçalanmaqdan, məhv olmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırladıb. O, xalqın öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd edib, Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin respublikamızın inkişafı naminə gördüyü işlərdən danışıb.
Tədbirdə Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun müdiri, siyasi elmlər doktoru, professor Elman Nəsirov, iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının dosenti Roza Əliyeva, tarix kafedrasının professoru Musa Quliyev və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli sonluqla nəticələnməməsi üçün öz müdrik, ağsaqqal sözünü dedi, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Heydər Əliyevin xilaskarlıq missiyası bu günü tariximizə Milli Qurtuluş Günü kimi daxil etdi.
Çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı xalqın qurtuluşu oldu, bu böyük şəxsiyyətin vətənin ağır günlərində öz xalqının yanında olması insanların itmiş ümidlərini özünə qaytardı. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışı ölkəmizi məhv olmaqdan qurtardı, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaratdı.
Sonra Ulu Öndərə həsr edilmiş film nümayiş olunub.