ELM VƏ TƏHSİL
DİM 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə dair apellyasiya təşkil ediləcək
Bakı, 11 may, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-17-də keçirilmiş imtahanların nəticələri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-dan etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya təşkil edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 15-i saat 10:00-dan mayın 17-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM şagirdlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Xatırladaq ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri mayın 10-da açıqlanıb.