İQTİSADİYYAT
DOQQUZ AYDA 25,3 TRİLYON MANATLIQ ÜMUMİ DAXİLİ MƏHSUL İSTEHSAL EDİLMİŞDİR
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 9 ayı ərzində ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artmış və 25,3 trilyon manata çatmışdır. Orta aylıq əmək haqqı 21,5 faiz artaraq 377 min manat olmuş, inflyasiya 2 faiz səviyyəsində qalmışdır.
Bütövlükdə bu müddətdə büdcəyə daxil olmuş vəsaitlərin 44 faizi və ya 1,8 trilyon manatı sosial xərclər üçün ayrılmışdır. Bu, keçən ilin müvafiq dövründəkindən 18 faiz çoxdur. Hazırda Dövlət büdcəsinin öz daxilolmalarından başqa 75 milyard manat əlavə vəsait də vardır. Bu, neftin satışından əldə olunan qiymət fərqinin büdcə xərclərinə yönəldilməməsi və ayrıca hesabda saxlanılması sayəsində mümkün olmuşdur. Həmin vəsait gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına sərf ediləcəkdir.