CƏMİYYƏT
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial sahədə fəal blogerlərlə görüş keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində sosial sahədə aktiv olan blogerlərlə görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, 4 saylı Bakı DOST Mərkəzində baş tutan tədbirdə qonaqlara əvvəlcə mərkəzin iş prinsipi, xidmət sahələri, həmçinin “Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə bağlı məlumat verilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya və s. üzrə 154 növ xidmət göstərilir. Həmin xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. O, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacağını, bununla da DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyini bildirib.
Məlumatların idarə edilməsi və təhlil departamentinin aparıcı məsləhətçisi Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər" mövzusundakı təqdimatında Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.
Görüşdə blogerlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu sahədə olan yeniliklər, problemlər müzakirə olunub, yeni təkliflər verilib.
İdarə heyətinin sədri Fərid Məmmədov tədbirin əhəmiyyətini qeyd edərək bu cür görüşlərin mütəmadi keçiriləcəyini, təklif olunan məsələlərin diqqətdə saxlanılacağını qeyd edib.