CƏMİYYƏT
DSX: İrandan Azərbaycana 84 kiloqramdan çox narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla həyata keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Sentyabrın 25-də DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru üç nəfərin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib və həmin şəxslərə “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə - İran ərazisinə qaçıblar.
Həmin ərazidə axtarış tədbirləri keçirilib. Axtarış tədbirlərinin nəticəsində kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs saxlanılıb və onda dörd bağlama aşkarlanıb. Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kiloqram 660 qram narkotik vasitəyə oxşar maddələr (52 kiloqram tiryəkə, 32 kiloqram 650 qram heroinə, 10 qram marixuanaya və 120 ədəd “Metadon-40” həbinə) aşkarlanıb.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.