CƏMİYYƏT
DSX-nin hərbi qulluqçularının və mülki əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın birinci mərhələsinə uyğun olaraq, Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının da vaksinasiya prosesinə start verilib.
AZƏRTAC xəbər verir ki, DSX-nin Bakıda xidmət aparan əməkdaşları fevralın 18-dən etibarən peyvəndləməyə cəlb olunublar. Vaksinasiya DSX-nın Hərbi Hospitalında həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusifzadə jurnalistlərə açıqlamasında bildirib ki, vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir və bu zaman strategiyanın əsas prinsiplərindən olan könüllülük prinsipi əsas götürülür. Vaksinasiya üçün müraciət edən əməkdaş öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks-göstəriş halı olmazsa, həmin şəxsə vaksin vurulur. Birinci dozadan 28 gün sonra həmin əməkdaşa ikinci doza vurulacaq. Vaksinasiya strategiyasında göstərildiyi kimi, son altı ay ərzində koronavirusa yoluxanların, onkoloji xəstəliklərdən o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkənlərin və dərman preparatlarına qarşı allergiyası olanların peyvəndlənməsi məsləhət görülmür.
K.Yusifzadə qeyd edib ki, qaydalara əsasən, ilk növbədə tibb heyəti vaksinasiya olunur. Çünki onlar risk qrupuna daxildirlər. Hərbi hissələrdə olan tibb məntəqələrinin üzvləri - orada çalışan həkimlər, orta kiçik tibbi heyət vaksinasiya ediliblər. İkinci mərhələdə yaşı 65 və daha çox olan şəxslər peyvənd ediləcəklər. Amma həqiqi hərbi xidmətdə bu yaşda demək olar ki, heç kim yoxdur. Təqaüddə olanlar və onların ailə üzvləri vaksinasiya ediliblər. İndi isə yaşı 50 və daha çox olan şəxslərin peyvəndlənməsinə başlanıb. Təlimata uyğun olaraq, daha sonra yaşı 50-dən aşağı olan şəxslərin vaksinasiyasına başlanılacaq”.