İQTİSADİYYAT
DÜNYA BANKININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLMİŞDİR
İyulun 18-də Dünya Bankının institusional quruculuqda Azərbaycana texniki yardım göstərilməsi layihəsi üzrə nümayəndə heyəti Bakıya gəlmişdir.
Bankın Bakıdakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nümayəndə heyətinin səfəri iki layihənin həyata keçirilməsinin gedişi ilə tanışlıq məqsədi daşıyır. Artıq bu il başa çatan birinci layihə hökumətdə struktur dəyişikliklərinə və ölkənin büdcə sisteminin islahatına dair kompleks tədbirlərdən ibarətdir.
Satınalmalara dair Milli Agentliyə yardım, kimya müəssisələrinin modernləşdirilməsi, Təhsil və Səhiyyə nazirliklərinə məsləhət xidmətləri göstərilməsi də nəzərdə tutulur. Bu vəzifələrin yerinə yetirilməsi üçün Dünya Bankı Azərbaycan hökumətinə 18 milyon dollar ayırmışdır.
İkinci layihənin gerçəkləşdirilməsi üçün 9,4 milyon dollar həcmində kredit ayrılması və bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsinə, makroiqtisadi idarəetmə sisteminin möhkəmləndirilməsinə, habelə maliyyə sektorunun inkişafına dair tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.