DÜNYA
DÜNYA İQTİSADİYYATININ ARTIM SÜRƏTİ YAVAŞIYACAQ
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bu il dünya iqtisadiyyatının artım sürəti bir qədər yavaşıyacaq, lakin MDB ölkələrində iqtisadi artım davam edəcəkdir. Belə bir proqnoz BMT-nin yenidən nəzərdən keçirilmiş “2007-ci ildə dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri” məruzəsində verilmişdir.
BMT-nin ekspertləri belə nəticə çıxarmışlar ki, 2007-ci ildə dünya ümumi daxili məhsulunun (ÜDM) artım sürəti 3,4 faiz təşkil edəcək, halbuki ötən il bu göstərici 4 faiz olmuşdur. Sənəddə vurğulanmışdır ki, qlobal təmayülə baxmayaraq, MDB ölkələrinin iqtisadiyyatı əvvəlki kimi yüksək sürətlə inkişaf edəcəkdir. Ötən il bu region bütövlükdə dünyada iqtisadi artımın ən yüksək sürətlərindən birini nümayiş etdirmişdir. Məsələn, keçmiş sovet respublikalarının ÜDM-i 7,7 faiz artmışdır. Neft, qaz, metal və pambığın yüksək qiymətləri buna kömək etmişdir. Bu il MDB ölkələrində iqtisadi fəallıq yüksək olaraq qalacaq, regionun ÜDM-i 7,3 faiz artacaqdır.