İQTİSADİYYAT


Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 3 şirkət İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “ITICKET” MMC-nin “iTicket” layihəsinə, “NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsinə və “LOF STUDIOS” MMC-nin bir neçə layihəsinə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə rezidentlər istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda texnologiya parklarının rezidentləri – texnologiya parklarının qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddır.

T.Kərimli Azərbaycanda ilk vençur fondu olan “Boğaziçi Ventures”un açılışından sonra Türkiyə ilə əməkdaşlıq imkanlarının artırıldığını bildirib və qardaş ölkə ilə Qarabağda müştərək texnoparkın yaradılması planlarından bəhs etdi.

“ITICKET” MMC-nin “iTicket” layihəsi beynəlxalq standartlara uyğun olaraq hazırlanmış və süni intellektə (Al) əsaslanan platformadır. Konsert, teatr, idman, əyləncə və bir çox digər tədbirlərə bilet satışını reallaşdıran layihənin məqsədi Azərbaycan markası olan süni intellekt (Al) məhsulunu beynəlxalq bazara təqdim etmək və bazar payını artırmaqdır.

“NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsi günəş və külək enerjisi ilə şarj olunan yeni nəsil avtobusdur. Avtobus eko-texnologiyalar ilə təchiz olunub və ekoloji cəhətdən tamamilə təmizdir. Layihənin məqsədi Azərbaycanda “Yaşıl” sənayeni inkişaf etdirmək, eyni zamanda, “yaşıl” sənaye üzrə yerli mütəxəssislər yetişdirməkdir. Layihə, həmçinin “Made in Azerbaijan” brendini dünya bazarında yeni istiqamətdə tanıtmağı hədəfləyir.

“LOF Studios” (Land Of Fire Studios) Azərbaycanda və qonşu regionlarda video oyunlar, mobil tətbiqlər, kinematoqrafiya kimi yüksək texnologiyalı rəqəmsal məhsulların hazırlanması və onların A-dan Z-yə qədər marketinq, nəşr və satışını həyata keçirən ilk çoxfunksiyalı studiyadır. Studiyanın 4 növ layihəsi mövcuddur: “Project BOB” – kütləvi çox oyunçuluq, “VICON Motion Capture Systems” – hərəkətin ələ keçirilməsi sistemi, “ƏMƏK” Əhalinin Məşğuliyyət Klubu – işsizliyin aradan qaldırılması üçün “uberizasiya” prinsipi ilə təşkili üzrə mobil tətbiq və “MEDYBOT” tibbi bot – bütün tibb müəssisələrinin, həkimlərin və göstərdikləri bütün xidmətlərin onlayn sifarişi və təşkili. Layihələrin əsas məqsədi işsizliyin qarşısını almaq, mobil tətbiq və video oyun sənayesini inkişaf etdirmək, bacarıqlı gənclərin bu sahədə inkişaf etməsinə dəstək göstərməkdir.

Beləliklə Pirallahı Yüksək Texnologiyalar Parkında rezidentlərin sayı 7-yə çatıb. Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.