İQTİSADİYYAT


Daha bir yerüstü piyada keçidinin inşası yekunlaşır

Bakı, 7 dekabr, AZƏRTAC

Avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yerüstü piyada keçidlərinin inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində inşa olunan yeni yerüstü piyada keçidin tikintisi artıq yekunlaşmaq üzrədir.

Məlumata əsasən, iki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalı olmaqla, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39 metr, eni 3,5 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir.

Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.

Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılır. Həmçinin videomüşahidə qurğuları quraşdırılır ki, bu da fasiləsiz nəzarətə imkan yaradacaq.

Qeyd olunub ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9 və 18,5-ci kilometrlik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək istifadəyə verilib.

Hazırda sözügedən magistral yolun 20,2 və 21,5-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.