ELM VƏ TƏHSİL
Daha üç rayon üzrə təhsil müzakirələri aparılıb
Bakı, 28 iyun, AZƏRTAC
2017-2018-ci tədris ilinin yekunlarına həsr olunan “Məktəb seminarları” davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti “Məktəb seminarları” Xəzər, Pirallahı və Nərimanov rayonlarının ümumtəhsil məktəbləri üzrə keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən bu qurumun müdiri Məhəbbət Vəliyeva məktəblərdə fəaliyyət planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, fənn olimpiadalarının və müsabiqələrin təşkili, şagirdlərin yerdəyişməsi, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri və digər müvafiq məsələlərə toxunub.
Sessiyalarda BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi və digər şəxslər tədrisin təşkili, məktəb imicinin formalaşdırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, eksternat imtahanları, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər mövzularda çıxış ediblər.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər, ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəblərdə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.