İDMAN
Danimarka millisi dünya çempionatına vəsiqəni 5 qolla təmin edib
Bakı, 15 noyabr, AZƏRTAC
Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına Avropa zonasından sonuncu vəsiqənin sahibi Danimarka milli komandası olub.
AZƏRTAC xəbər verir ki, danimarkalılar doğma meydandakı qolsuz heç-heçədən sonra Dublindəki “Aviva” stadionunda ev sahibi İrlandiya yığmasını darmadağın ediblər - 5:1.
Oyunda hesabı irlandiyalılar açıblar. Matçın 6-cı dəqiqəsində Şeyn Dafi adını tabloya yazdırıb. Lakin bu qoldan sonra təşəbbüsə tam yiyələnən Danimarka yığması 29-cu dəqiqədə Andreas Kristensenin qolu ilə oyunda tarazlığı bərpa edib. Bundan sonra danimarkalıların heyətində Kristian Eriksen het-trik edərək (32, 63, 74) komandasının qələbəsini təmin edib. Matçın 90-cı dəqiqəsində isə Niklas Bendtner İrlandiya yığmasının qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının dünya çempionatında iştirakını rəsmiləşdirib - 5:1.
Beləliklə, ümumi hesabda 5:1 hesabı ilə qalib gələn Danimarka yığma komandası Rusiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.