ELM VƏ TƏHSİL


Danimarkalı alimlər ekskursiyada olublar

Bakı, 6 iyun, AZƏRTAC

“Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində qonaq olan Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) Coğrafiya departamentinin nümayəndələri Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının bələdçiliyi ilə ekskursiyada olublar.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Azərbaycan və UCC-nin coğrafiyaçı alimləri Qobustan ərazisində mövcud olan palçıq vulkanları nümunələri ilə, eyni zamanda, Qobustan Dövlət Tarixi və Bədii Qoruğunda arxeoloji abidələr, qədim qayaüstü rəsmlər, ərazidəki müxtəlif geoloji və relyef nümunələri ilə tanış olublar.

Növbəti gün Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada danimarkalı alimlərlə görüş keçirilib. Görüşdə əməkdaşlıq məsələləri və həyata keçiriləcək mümkün layihələr müzakirə edilib. Qonaqlar gimnaziyanın STEAM layihəsi çərçivəsində şagirdlərin hazırladıqları nümunələr, qrup işləri ilə tanış olublar.

Proqram çərçivəsində UCC nümayəndələrinin Şamaxı şəhərinə səfəri təşkil edilib. ADPU-nun Şamaxı filialında olan qonaqlara bu təhsil müəssisəsinin direktoru dosent Tünzalə Yusifova tələbə-müəllim kontingenti, ixtisaslar haqqında məlumat verib. Qonaqlar coğrafiya kabineti, inklüziv təhsil kabineti ilə tanış olub, coğrafiyaçılar və digər əməkdaşlarla söhbət ediblər.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edən qonaqlara Almaniyanın “Karl Seyss” firmasının istehsalı olan və 1966-cı ildə istifadəyə verilmiş teleskopla bağlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra xarici alimlər Şamaxı-Pirqulu-Lahıc marşrutu üzrə müxtəlif relyef və landşaft nümunələri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.