CƏMİYYƏT
Daşkənddə keçirilən forumda “ASAN xidmət”in fəaliyyəti haqqında məlumat verilib
Daşkənd, 17 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) İstanbul Mərkəzi, bu qurumun Özbəkistandakı nümayəndəliyinin təşəbbüsü ilə Daşkənddə “İnnovasiya və korrupsiyanın qarşısının alınması” mövzusunda forum başa çatıb.
AZƏRTAC xəbər verir ki, Forumda UNDP-nin Avropa, Mərkəzi Asiya ölkələrindəki ofislərinin, bu ölkələrin dövlət və qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanı BMT İnkişaf Proqramının layihə rəhbəri Vasif Məmmədov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev təmsil ediblər.
Forumda iştirakçı ölkələrdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər müzakirə olunub.
Əbdül Əliyev Azərbaycanın “ASAN xidmət” brendi haqqında məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, 5 mərkəzin açılması istiqamətində iş aparılır. Altı illik fəaliyyəti dövründə tez və şəffaf xidmət göstərən “ASAN xidmət”ə indiyədək 29 milyondan çox müraciət olub. Bu gün biz inamla deyə bilərik ki, bu xidmət vasitəsilə Azərbaycanda korrupsiya ilə mübarizənin səmərəli üsulu yaradılıb. Vurğulanıb ki, bir çox ölkələr Azərbaycanın bu brendinə maraq göstərir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd