REGİONLAR
Daşkəsəndə “Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin açılışı olub VİDEO
Daşkəsən, 8 iyul, Rauf Hacıyev, AZƏRTAC
İyulun 7-də Daşkəsəndə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ASAN Könüllüləri” təşkilatı tərəfindən həyata keçirilən “Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Gənclərin Təlim və İstirahət Mərkəzində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, QHT təmsilçiləri, ölkədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin gənclər sahəsində aktiv fəaliyyət göstərən tələbələri iştirak ediblər.
Tədbiri açan “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov icra olunan layihənin məqsədi və ideyası ilə bağlı məlumat verib.
Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkənin ucqar dağ rayonu olan Daşkəsəndə həyata keçirilən layihəni bölgələrin inkişafı baxımından mühüm nailiyyət kimi qiymətləndirib. Qeyd olunub ki, bir sıra yerli və beynəlxalq layihələrin Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib.
Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın əsas qanunverici orqanı - Milli Məclisin şərti olaraq iş prinsipi, müxtəlif komitələrin fəaliyyəti canlandırılacaq. Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında ətraflı məlumat alacaqlar.
İntiqam Babayev diqqətə çatdırıb ki, hazırda Azərbaycan bir sıra regional və beynəlxalq təşkilatların üzvüdür. Ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin etmək baxımından hər zaman bilikli və peşəkar gənc kadrlara, diplomatlara böyük ehtiyac var. Məhz bu cür layihələrdə fəal iştirak gənclərə həm böyük təcrübə qazandırır, həm də gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın dövlət maraqlarını qoruyan gənc təmsilçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır.
Sonra ölkədə gənclər siyasəti, mövcud qanunvericilik, həmçinin gənclər sahəsində aparılan islahatlar haqqında məlumat verilib.
Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin vətəndaş mövqeyini yüksəltmək və cəmiyyətin inkişafına xidmət edəcək ideyaların, təkliflərin konstruktiv şəkildə həyata keçirilməsini dəstəkləməkdir.
Sonda gənclərin sualları cavablandırılıb, irəli sürülən təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.