CƏMİYYƏT
Daxili Qoşunların Baş İdarəsində bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimi keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və 1-ci, 2-ci, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə mükafatlandırılıb.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə iyunun 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.
Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 339 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 23 nəfərə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, 39 nəfərə 1-ci dərəcəli, 86 nəfərə 2-ci dərəcəli, 191 nəfərə isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı təqdim olunub.