ELM VƏ TƏHSİL
Dayanıqlı inkişaf və sülh quruculuğu yerli xalqların dillərinin qorunmasını şərtləndirir
Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 28-də Parisdə Beynəlxalq Yerli Xalqların Dilləri ilinin rəsmi açılışı keçiriləcək. Tədbir UNESCO-nun, BMT-nin iqtisadi və sosial məsələlər departamentinin, beynəlxalq ilin təşkili üzrə rəhbər komitənin üzvlərinin birgə təşkilatçılığı ilə reallaşacaq.
AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, “Yerli xalqların dilləri dayanıqlı inkişaf, sülh quruculuğu və barışıq üçün vacibdir” mövzusunda keçiriləcək tədbir yüksəkvəzifəli məmurları, yerli xalqların, vətəndaş cəmiyyətlərinin, elmi ictimaiyyətin, KİV-lərin, BMT qurumlarının, dillərlə bağlı ictimai təsisatların və özəl sektorun nümayəndələrini bir araya gətirəcək. Rəsmi tədbirin keçirilməsində məqsəd konstruktiv debatlara qlobal imkan yaratmaqdır. Tədbirdə yerli xalqların dillərinin müdafiəsi, populyarlaşdırılması və digər bu kimi məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, BMT 2019-cu ili Beynəlxalq Yerli Xalqların Dilləri ili elan edib. Məqsəd qlobal diqqəti bu dillər üçün təhlükə doğuran risklərə yönəltmək, dayanıqlı inkişaf, barışıq, lazımi idarəetmə və sülh quruculuğu baxımından həmin dillərin əhəmiyyətini yüksəltməkdir. Bu tədbir, həmçinin yerli xalqların həyatını yaxşılaşdırmağa kömək edəcək.