ELM VƏ TƏHSİL
Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək
Bakı, 11 may, AZƏRTAC
“Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Kajaani Tətbiqi Elmlər Universitetinin tələbələri üçün Lənkəranda yay ekoloji turizm düşərgəsi təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, düşərgənin təşkilində əsas məqsəd Finlandiya və Azərbaycanın turizm və otel menecmenti sahəsində ixtisaslaşan tələbələr arasında ekoloji turizm sahəsində marketinq potensialının təhlili, Lənkəran regionunun mədəni irsi, tarixi, ekoloji resurslarının öyrənilməsidir. Həmçinin məqsəd birgə ekoloji turlarda iştirak və Lənkəran-Astara regionu üçün tur paketin hazırlanması və gələcəkdə finlandiyalı turistlərin tur paket vasitəsi ilə ölkəmizə cəlb olunmasıdır.
Yay düşərgəsində iştirak edən universitet tələbələri öz təcrübələrini genişləndirmək məqsədilə Lənkəran regionunun ekoturizm, müxtəlif etnik azlıqların məskunlaşdığı, sahibkarlıqla məşğul olduqları ərazilərə və muzeylərə səfər ediblər. Tədbir çərçivəsində tələbələrə ATMU və turizm sahəsi üzrə peşəkar ekspertlər tərəfindən Azərbaycan və qonşu ölkələrdə (Türkiyə, İran, Rusiya və Gürcüstan) ekoturizm təcrübələri, Lənkəran regionunda tur paketin hazırlanması imkanları barədə ətraflı məlumat verilib. Hər iki universitetin tələbələri öz ölkələrinin turizm potensialı, dövlət dəstəyi və turistlər üçün perspektiv imkanlara həsr olunan təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, layihə çərçivəsində respublikanın aparıcı turizm sahəsində çalışan mütəxəssislərin iştirakı ilə Azərbaycanda ekoloji turizmin inkişafına dair marketinq strategiyası hazırlanıb müvafiq dövlət qurumlarına təqdim olunacaq. Bu il ərzində turizm sahəsində çalışan qadın sahibkarlara dəstək məqsədilə biznesin təşkili və müasir marketinq strategiyalarına əsaslanan, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlər təşkil ediləcək.
“Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi Ekoloji Tarazlıq İctimai Birliyi, Kajaani Tətbiqi Elmlər Universiteti və “Ketury” İctimai Birliyi tərəfindən birgə həyata keçirilir.