CƏMİYYƏT
Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək, onların bank hesablarından pullarını dələduzluq yolu ilə çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış Əli Əzizov olduğu müəyyənləşib. Həmçinin onun şəhər sakini olan daha bir qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq mənimsədiyi də müəyyənləşib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.