İQTİSADİYYAT
“DəmirBank” müxtəlif əmanət növlərini təklif edir
Bakı, 4 avqust, AZƏRTAC
“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq” əmanət növlərini təklif edir.
Bankdan AZƏRTAC-a bildirilib ki, müştərilər yüksək faiz gəlirləri gətirən bankın “Göy” əmanət növündən faydalana bilərlər. Bu əmanət növü üzrə faiz gəlirlərini aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. “Göy” əmanəti AZN, USD, EUR və GBP valyutasında yerləşdirmək mümkündür.
“Sarı” əmanət növünün əsas üstünlüyü cəriməsiz əmanətin vaxtından tez çıxarılması, “Qırmızı” əmanət növünün isə vəsaitlərin hər ay əlavə edilməsi və faizlərin aylıq kapitallaşdırılması imkanıdır. Hər iki əmanət AZN və USD valyutasında açıla bilər.
Bank valideynlərə uşaqlarının gələcək maliyyə durumlarını sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etmələrinə yardımçı olmaq üçün “Uşaq” əmanəti təklif edir. Bu əmanətin iki növü mövcuddur. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur. Həmçinin əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər “Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti” növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini AZN, USD, EUR valyutasında yerləşdirmək mümkündür.