İQTİSADİYYAT
“DemirPay” terminalları müştərilərə yeni dizaynda təqdim edilir
Bakı, 11 avqust, AZƏRTAC
“DəmirBank” öz “DemirPay” terminallarını müştərilərin istifadəsinə yeni dizaynda təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni interfeysdə müştərilər müxtəlif ödənişlərini daha rahat formada həyata keçirə bilərlər. Fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə terminallar vasitəsilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanı yaradılıb. Hazırda “DemirPay” terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlarından əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.
“DemirPay” terminalları bankın paytaxt və bölgə filiallarının daxili ilə yanaşı, çöl hissələrində də yerləşdirilib ki, bu istənilən vaxt qeyd olunan xidmətlərin istifadəsini mümkün edir.