İQTİSADİYYAT
Dəmir yolu işçiləri peşə bayramını qeyd edib VİDEO
Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC
Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il oktyabrın 12-də imzaladığı sərəncamlar oxunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib.
C.Qurbanov dəmir yolunun yaranma tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 1880-ci il yanvarın 20-də başa çatıb. O, uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yükdaşımasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf edib və təkmilləşib.
QSC sədrinin sözlərinə görə, “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” 2005-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.
“137 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14 min 300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib”, - deyə C.Qurbanov vurğulayıb.
C.Qurbanov qeyd edib ki, indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” kimi Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşdırılması sürətləndirilir.
Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxri dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.