ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutu: bu il 1141 növ bitkinin təbii və mədəni şəraitdə yayılması müəyyən olunub
Bakı, 13 noyabr, AZƏRTAC
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Dendrologiya İnstitutunun elmi şurasının birgə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, dövlət proqramlarının icrası ilə əlaqədar Dendrologiya İnstitutunda yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2019-ci ildə 1 problem, 8 mövzu, 14 iş, 38 mərhələ üzrə aparılan elmi tədqiqat işləri və alınan nəticələr iştirakçıların diqqətinə çatdırılıb.
Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qeyd edib ki, son illər fundamental elmlə təhsilin əlaqəsi xeyli möhkəmlənib. 2019-cu ildə institutun əməkdaşları bir neçə beynəlxalq konfransda iştirak ediblər. Yüksək nüfuzlu impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı xeyli artıb.
Tofiq Məmmədov institutda gənc elmi kadrlar hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, onların elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqlarını qeyd edib.
Bildirilib ki, 2019-cu ildə Azərbaycan dendroflorasının hərtərəfli monitorinqi aparılıb, 89 fəsilə, 5 yarımfəsilə, 266 cinsə aid 1141 növ bitkinin təbii və mədəni şəraitdə yayılması müəyyən olunub. Tədqiq edilən növlər APG III-IV sisteminə əsasən qruplaşdırılıb, onların yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiqi sahələri verilib. Tədqiqatın nəticəsi olaraq, ilk dəfə “Azərbaycan dendroflorası” kitabının beş cildi çapdan çıxıb.
Dənizkənarı Milli Parkda müşahidələr aparılıb, 51 fəsilə, 78 cins və 97 növ dekorativ ağac, kol və ot bitkiləri aşkar edilib. Herbariləri toplanılaraq taksonomik tərkibi müəyyənləşdirilib, yaşıllaşdırmada dekorativ əlamətlərinə görə qruplaşdırılıb.
“Pinus eldaica” və “Gleditsia caspia Desf” növləri üzərində aparılıb. Qüsurların yerini və ölçüsünü qiymətləndirmək məqsədilə “Rinntech” (Heidelberg, Almaniya) tərəfindən hazırlanmış 2D görüntülü tomoqrafik avadanlıqdan (Arbotom®) istifadə olunub. Bu cihaz vasitəsilə gövdəyə elektrik impulsları ötürülüb və bitkidə gedən proseslərin ardıcıllığı və ziyanvurma dərəcəsi təyin edilib. Bitkiyə illər üzrə təsir edən mühit amillərinin çürümə prosesinə səbəb olması müəyyənləşdirilməklə, növün xəstəliyinə və inkişafına mane olan səbəblər aradan qaldırılıb.
Hesabat ətrafında çıxış edənlər institutun fəaliyyətini və əldə olunmuş nəticələrini qənaətbəxş hesab ediblər.
Sonda institutun illik fəaliyyəti müsbət qiymətləndirilib.